Çayçılıq Ənənələri

Azərbaycanda çayçılığın bir əsrdən artıq tarixi var. Azərbaycana ilk dəfə çay bitkisinin hələ XIX əsrin sonlarında gətirildiyi deyilsə də rəsmi mənbələrdə bu 1912-ci il kimi göstərilir. İlk çay fabriki isə 1937-ci ildə Azərbaycanın cənub bölgəsi olan Lənkəranda istifadəyə verilib. Bundan sonra isə artıq kütləvi çay istehsalına başlanılıb. Sürətlə inkişaf edən çayçılıq sovetlıər dönəmində o həddə yüksəlmişdi ki, Azərbaycan çayı SSRİ-nin 200-ə yaxın şəhərinə və bir sıra xarici ölkələrə ixrac edilirdi. Çayçılıq üçün olduqca əlverişli olan Azərbaycanın cənub bölgəsinin bərəkətli torpaqlarında yetişən çay yarpaqları öz tərkibindəki göstəricilərə görə yalnız dünyanın ən keyfiyyətli çayları ilə müqaisə oluna biləcək səviyyədədir. Belə ki, Azərbaycan çayının tərkibində 28-30 % çayda əsas keyfiyyət göstəricisi olan tanin, 5-6 % kofein, 46-50 % ekstratlı maddələr var.

Xoş ətri, zərif dadı və gözəl rəngi ilə insanların sevgisini qazanan AZərbaycan çayı qısa müddət sonra hər bir azərbaycanlının əvəzolunmaz gündəlik içkisinə çevrildi. Çay içkisi insanlar tərəfindən o qədər mənimsənildi ki, artıq bir azərbaycanlı ailəsinin qurulmasının ilk razılıq əlaməti olaraq çaya şəkər qatmaqla elçilərə təqdim etmək milli adət halı alıb. Yaşlı və gənc insanların dost məclislərində çay süfrəsi əvəzsiz nemətə çevrilib.